ELM VƏ TƏHSİL
Ölkə həyatının bütün sahələrində qadınlara hər zaman xüsusi yer ayrılıb
Bakı, 6 mart, AZƏRTAC
Botanika İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Elmi şura və Qadınlar şurasının birgə onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun direktoru, akademik Validə Əlizadə açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, qadınların cəmiyyətdəki rolundan söz açıb. Akademik qeyd edib ki, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.
Tədbirdə professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktorları Xuraman Xəlilova, Pərvanə Qaraxani, Rəşad Səlimov, institutun ümumi işlər üzrə direktor müavini İmran Babayev, həmçinin Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev çıxış edərək qadınları 8 mart bayramı münasibətilə təbrik edib, Azərbaycan qadınlarının ictimai-siyasi və elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıblar.