REGİONLAR
Ölkədə yem istehsalının genişləndirilməsi perspektivləri müzakirə olunub
Bakı, 5 mart, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Ağdaş rayonunda “Yem istehsalında mövcud problemlər və perspektivlər” mövzusunda elmi-praktiki seminar keçirilib. Birbaşa istehsal sahəsində - Ağdaş rayonundakı yem emalı zavodunda baş tutmuş tədbirdə heyvandar fermerlər, sahə ilə bağlı olan mütəxəssislər, elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də özəl və dövlət sektorunun nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək, özəl sektorla güclü elmi-iqtisadi əlaqələr qurularaq ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində hədəflərin həyata keçirilməsinin planlaşdırıldığını bildiriblər.
Seminarın praktik hissəsi Ağdaş yem zavodunun istehsalat sahəsində və Qəbələ rayonunda fəaliyyət göstərən müasir heyvandarlıq kompleksində davam etdirilib. Yem istehsalının texnoloji prosesi yaxından izlənilib, ölkədə yem bitkilərinin əkin istiqamətinin gücləndirilməsi müzakirə olunub, cins heyvanların bəslənmə qaydaları, rasionların düzgün təşkili istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri direktor müavini Atif Zamanov qaba yem istehsalında yonca bitkisinin əhəmiyyəti, “Otlaq və biçənəklər“ şöbəsinin müdiri Rasib Zeynalov əsas yem bitkiləri, onların becərilməsi və yemlik əhəmiyyəti, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva yem istehsalında mövcud çətinliklər və aradan qaldırılması yolları, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının kiçik elmi işçisi İmarət Əsgərli isə ölkədə yem bazasının gücləndirilməsi yolları ilə bağlı apardıqları araşdırmaları fermerlərin diqqətinə çatdırıblar. Müzakirələrdə seleksiyanın elmi əsaslarını inkişaf etdirməklə mədəni və təbii floranın genetik ehtiyatları əsasında yüksək məhsuldar və stress amillərə davamlı yeni yem bitki sortlarının yaradılması, yeni nəslin toxumlarının davamlı istehsalı üçün adaptiv resurs qənaət sistemlərinin inkişaf etdirilməsi, əkinçilik mədəniyyətinin yüksəldilməsi, yem istehsalının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yüksək məhsuldar bitki və sortların istifadəsi ilə yem əkin sahələrinin məhsuldarlığının artırılması ilə bağlı təkliflər səsləndirilib.
Müzakirə çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Qəbələ Aqrokompleks arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, müəssisələr damazlıq-seleksiya işlərinin birgə təşkili istiqamətində sıx fəaliyyət göstərəcəklər.
Tədbirin sonunda əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı müzakirələrə digər istehsal müəssisələrinin cəlb edilməsi ilə görüşlərin təşkili barədə qərar qəbul edilib.