REGİONLAR
Ölkəmizdə sağlamlıq problemi olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılır VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud şəxslər üçün əyləncəli tədbir keçirilib.
Gənclər üçün Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki,
tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait, onların reabilitasiyası istiqamətində görülən işlər, qəbul olunan dövlət proqramları haqqında məlumat verib.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Beynəlxalq Əlillər Gününün yerli icra strukturları tərəfindən qeyd edilməsini, sağlamlıq problemi olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını yüksək qiymətləndirib. Bildirib ki, hər bir şəxs ölkə rəhbərliyinin apardığı uğurlu sosial siyasəti dəstəkləyir və ona arxalanır.
Tədbir Ağcabədi, Bərdə və Beyləqan rayonlarından olan sağlamlıq imkanları məhdud olan şəxslərin musiqi və tamaşa nömrələri ilə davam edib.
Sonda iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.