CƏMİYYƏT
Ölkəmizin cənub bölgəsindən qayıdan Nəsimi rayon məktəbliləri təəssüratlarını bölüşüblər
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Nəsimi rayonundan olan məktəblilər ölkəmizin cənub bölgəsində olublar.
AZƏRTAC xəbər verir ki, səfərdən geri qayıdan məktəblilər Nəsimi Rayon İcra Hakimiyyətində təntənə ilə qarşılanıblar. Tur-aksiyanın uğurla başa çatması münasibətilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını valideynləri və müəllimləri ilə bölüşüblər.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur–aksiyada iştirak etmiş Nəsimi rayon məktəbliləri və onların valideynləri ilə görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışıb, belə turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. A.Əsgərov bildirib ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunub.
Görüşdə iştirak edən məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata keçirilməsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tur-aksiyada iştirak edən Yusif Mirzəyev adına 44 saylı orta məktəbin şagirdi Leyla Əsədova AZƏRTAC-a müsahibəsində bildirib ki, dörd günlük səfər çərçivəsində respublikamızın cənub bölgəsinə – Lənkərana, Masallıya və Astaraya səyahət edib. Bildirib ki, tur-aksiya zamanı Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyalara gediblər. Həmçinin bu şəhərlərdə Heydər Əliyev mərkəzlərinə, bayraq meydanlarına, muzeylərə, gənclər mərkəzlərinə, Olimpiya idman komplekslərinə və digər yerlərə də səfər ediblər.
Səfərdən zəngin təəssüratlarla qayıtdığını deyən Leyla Əsədova Cənub bölgəsində unudulmaz anlar yaşadığını və çoxsaylı dostlar qazandığını söyləyib.