REGİONLAR
Ölkəmizin doqquz rayonunun məktəbliləri cənub bölgəsinə səfərə gəliblər
Lənkəran, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Bərdə və Ucar rayonlarından olan iştirakçıları - IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 18-də günün ikinci yarısında Lənkərana gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səfər edən məktəblilərə ən xoş arzularını çatdırıb.
Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı hotel və istirahət mərkəzlərində yerləşiblər.
Noyabrın 19-da Ağcabədi, Ağdam, Bərdə və Ucar rayonlarının məktəbliləri Lənkərana, Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının şagirdləri isə Astara və Masallı rayonlarına səfər edəcəklər.