REGİONLAR
Ölkəmizin əldə etdiyi nailiyyətlərdə Azərbaycan qadınının böyük rolu var
Xırdalan, 9 mart, Ətrabə Rzayeva, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Mühəndislik Universitetində (BMU) təşkil edilən bayram tədbirində ali məktəbin müəllim və tələbə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov çıxışında xalqımızın keçdiyi tarixi yola nəzər salıb və Azərbaycan qadınının fədakarlığından söz açıb. Bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik millətlərindən olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır. Əldə olunan nailiyyətlərdə Azərbaycan qadınının böyük rolu var.
Qeyd edilib ki, Azərbaycan qadınına ən yüksək qiyməti ümummilli liderimiz Heydər Əliyev verib. Cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Ulu Öndərin Azərbaycan tarixində ilk dəfə olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncamı və “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi yolunda atılan tarixi addımlardan biridir.
Ulu öndərin müdrik ənənələrini layiqincə davam etdirən Prezidenti İlham Əliyevin fəaliyyətində qadın siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan qadınlarının lideri Birinci vitse- prezident Mehriban xanım Əliyevanın geniş vüsətlə inkişaf edən ölkəmizə, həmçinin Azərbaycan təhsilinə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsidir.
Rektor 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin ictimai-siyasi həyatında yaxından iştirak edən bütün qadınları təbrik edib və ən xoş arzularını bölüşüb.
Tədbirdə universitet rəhbərliyi tərəfindən fəal qadın əməkdaşların və tələbələrin bir qrupuna fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.