REGİONLAR
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
Lənkəran, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil olunmuş tur-aksiyada iştirak edən Bakının Suraxanı, Xəzər, Pirallahı, Qaradağ, həmçinin Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən və Kəlbəcər rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 18-də axşam saatlarında Lənkərana gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Lənkəran şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.
Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Şah”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində yerləşdirliblər.
Noyabrın 19-da tur-aksiya iştirakçıları Lənkəranın gəzməli-görməli yerlərinə səyahət edəcəklər.