REGİONLAR
Ölkəmizin səkkiz rayonunun məktəbliləri cənub bölgəsində
Lənkəran, 15 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu, Ucar, Qobustan və Yevlax rayonlarının məktəbliləri və onların müəllimləri martın 15-də Lənkərana gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Məktəbliləri və onların müəllimlərini salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında, onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu var. Tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Günün ikinci yarısında məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Şagirdlər Lənkəran şəhərindəki Gənclər Evi və Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər.
Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Palıdlı Sahil” istirahət mərkəzində, “Lux” hotelində, “Palma Life” və “Şah” mehmanxanasında yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu və Qobustan, Ucar və Yevlax rayonlarının məktəbliləri və onların müəllimləri martın 16-da Lənkəranla tanışlığı davam etdirəcəklər.