İDMAN
On beş yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
Bakı, 17 mart, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Kompleksində 15 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə qızların yarışında Nigar Əliyeva (28 kq), Aydan Vəliyeva (32 kq), Fəridə Mirzəyeva (36 kq), Rəmziyə Hüseynova (40 kq), Aytən Əliyeva (44 kq), Sevda Nəbiyeva (48 kq), Rita Əliyeva (52 kq) və Aysun Rəhimova (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Oğlanların mübarizəsində isə Rza Yusifov (34 kq) və Toğrul Nurulu (38 kq) çempion olublar.
Yarışın ikinci günündə Süleyman Əliyev (55 kq), Kərəm Babazadə (60 kq), İsmayıl Zamanov (66 kq), İlham Ağayev (73 kq) və Rafiq Həsənov (73 kq-dan artıq) ölkə birinciliyinin qızıl medalına sahib olublar.
Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.
Ölkə birinciliyində ümumi medal sayında “Neftçi İdman Klubu” İctimai Birliyi birinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası ikinci, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdoçuları isə üçüncü olublar.
Qeyd edək ki, Azərbaycan birinciliyində 74 klubdan 651 cüdoçu mübarizə aparıb.