REGİONLAR


Ordubad rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə olunub

Ordubad, 26 iyul, AZƏRTAC

Ordubad rayonu üzrə cari ilin ilk yarısında 4 min 838 sığorta müqaviləsi bağlanılıb, onlardan 1168-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1752-si daşınmaz əmlakın icbari sığortası olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edib. Muxtar respublikanın iqtisadi və sosial həyatında sığorta işinin əhəmiyyətindən bəhs edən Hikmət Əsgərov vurğulayıb ki, ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən sığorta xidmətlərindən istifadə edən vətəndaşlar müxtəlif yerlərdə rast gələ bilən gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsinə etibarlı təminat alırlar. Bu baxımdan sığorta fəaliyyətinin daha da genişləndirilməsi vacibdir.

Baş direktor Ordubad rayonunda daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı, fərdi qəza və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin olunmalıdır.

Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, kənd təsərrüfatında aparılan sığorta işi digər könüllü sığortalar kimi, son nəticədə insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də Ordubaddakı əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının və arı ailələrinin sığortalanması məqsədilə buradakı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir.

Çıxışda ayrı-ayrı icbari və könüllü sığorta növləri üzrə icra vəziyyəti təhlil olunaraq hər bir sığorta növünün əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra Ordubad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Rauf Rüstəmov və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini, daxili xidmət mayoru Hüseyn Həşimov, Dəstə və Dırnıs kənd icra nümayəndələri icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.