CƏMİYYƏT
Ötən il Yasamalda sənaye məhsulunun ümumi həcmi 22,2 faiz artıb
Bakı, 15 fevral, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu vəzifələr müzakirə olunub, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, ötən il rayonda sənaye məhsulunun ümumi həcmi 22,2 faiz artıb. İl ərzində Yasamal rayon Məşğulluq Mərkəzinə 4606 nəfər müraciət edib, onlardan 1140 işaxtaran vətəndaş işlə təmin edilib. Rayonun 18 yaşayış məhəlləsində abad həyətin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilərək sakinlərin istifadəsinə verilib.
Qeyd edilib ki, “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası rayon icra hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrədir. İkinci mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən indiyədək 1922 ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilib və alqı-satqı əməliyyatları həyata keçirilib. Növbəti, üçüncü mərhələnin də yaxın zamanda icrasına başlanılacaq.
Bildirilib ki, 2017-2018-ci tədris ilində rayonun tam orta məktəblərini 1859 nəfər şagird bitirib. Onlardan 78 faiz göstərici ilə 1442 məzun ali təhsil müəssisələrinə qəbul olunub.
Sonra çıxış edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və deputat Ülvi Quliyev ölkəmizdə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat veriblər. İclasda qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Sonra toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.