ELM VƏ TƏHSİL
Ötən il məzunların yalnız 32,06 faizi qəbul imtahanlarında attestat qiymətlərini doğrulda bilib
Bakı, 23 iyun, AZƏRTAC
Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında toplanılması mümkün olan maksimal bal 700 olub. Abituriyentlərin 42,8 faizi imtahandan “2”, 21,0 faizi “3”, 26,6 faizi “4”, 9,7 faizi isə “5” qiymət alıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə bu göstəricilər uyğun olaraq, 40,2 faiz, 20,4 faiz, 28,3 faiz, 11,1 faiz olub. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanmasına gəlincə, onların 27,1 faizini “3”, 50,3 faizini “4”, 17,8 faizini isə “5” qiymət alanlar təşkil edib.
V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 49,62 faizinin topladığı bal 100-dən aşağı olub. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin təxminən yarısının (49,62 faiz) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin böyük əksəriyyətinin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (89,73 faiz).
Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94,13 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif (0–200 bal) intervalda olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 32,06 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.