CƏMİYYƏT
Ötən il respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən il respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Paytaxtda isə 460 yol-nəqliyyat hadisəsi nəticəsində 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisələrinin 1534-ü sürücülər, 42-si isə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Onların 656-sı (42,7 faiz) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30 faiz) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən qeydə alınıb.
Hadisələrin 664-ü (41,8 faiz) piyadanın vurulması, 529-u toqquşma (33 faiz) hallarıdır. Həlak olan 696 nəfərdən 320-si piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadın, 35-i isə uşaq və yeniyetmə olub.
Hadisələrin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 283 (-15,1 faiz), ölənlərin sayı 125 (-15,2 faiz), yaralananların sayı isə 292 nəfər (-17,2 faiz) azalsa da, bu rəqəmlər hələ də ciddi narahatlıq doğurur. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi narahatlıq doğuran bu halları nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırır.