CƏMİYYƏT
Ötən sutka FHN-in aidiyyəti qurumları tərəfindən 27 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 18 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 9 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində nazirliyin qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 11 nəfər xilas olunub, yanğın zamanı 12 sakin təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin paytaxtın Yasamal rayonunda 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.