REGİONLAR
Öz brendini yaradan toxucu qadın: Sosial şəbəkə hesablarımızdan sifarişlər də qəbul edirik FOTO VİDEO
Gəncə, 19 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan xalqının qədimdən bəri məşğul olduğu sənət və peşə növlərindən biri də toxuculuqdur. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar, parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Müasir dövrümüzdə də bu sənət növü ilə məşğul olan həvəskar və peşəkar toxucular az deyil.
AZƏRTAC-ın bölgə müxbiri Gəncədə “Qızıl Əllər” MMC-nin nəzdində fəaliyyət göstərən və toxuculuq fəaliyyətilə məşğul olan qadın sahibkar Günay Cəfərovanın əl işləri ilə tanış olub, uğur hekayəsini dinləyib.
Günay toxuculuğa əvvəlcə həvəskar kimi başlasa da, sonradan işini professional şəkildə davam etdirdiyini deyib: “Əvvəllər özüm üçün əl işləri hazırlayırdım. Bu işlə məşğul olanda əsəblərim sakitləşir, ruhum dincəlir. Sonradan yavaş-yavaş özümü inkişaf etdirdim. Sifarişlər almağa başladım. Uşaq bağçaları, məktəblər azyaşlı uşaqlar üçün oyuncaqlar, fiqurlar sifariş edirdilər. Hazırda tələbələrim də var. Sosial şəbəkə hesablarımızdan sifarişlər də qəbul edirik”.
Qadın sahibkar hazırladığı müxtəlif paltar, oyuncaq, fiqur və bəzək əşyalarından gəlir əldə etməyə başladıqdan sonra öz brendini də formalaşdırıb. Bildirib ki, orta aylıq gəliri təxminən 200-300 manat məbləğində olur. Bayram günlərində, yaxud xüsusi günlərdə sifarişlərin çoxalması ilə gəliri də artır.
“Uşaqlar üçün papaq, şərf, jilet və müxtəlif geyimlər toxuyuruq. Qiymətlər 2 manatdan 25 manatadək dəyişir. Oyuncaqlarda isə 10 manatdan başlayır. Adət-ənənələrimizə uyğun olaraq bayramlar üçün toxuma üsulu ilə parçadan xonçalar da hazırlayırıq. Alıcılara təqdim etdiyimiz xonçalar həm fərqli, həm də təbii üsullarla hazırlandığı üçün maraqla qarşılanır”, - deyə Günay Cəfərova əlavə edib.
Toxuma üsulu ilə hazırlanan əl işlərinin tərkibində heç bir kimyəvi qatqı yoxdur. Həm də uzun müddət saxlamaq mümkün olduğuna görə alıcılar tərəfindən bu məhsullara tələbat yüksək səviyyədədir. Qadın sahibkar bildirib ki, gələcəkdə məhsullarını yerli və beynəlxalq sərgilərdə nümayiş etdirmək barədə düşünür və artıq bu istiqamətdə təkliflər də var.
Onun sözlərinə görə, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində böyük potensial var. Xüsusilə, qadınlar bu sahədə özlərini inkişaf etdirməlidirlər.