İQTİSADİYYAT


Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub

Daşkənd, 17 noyabr, AZƏRTAC

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Bakıdakı “My Travel” turizm şirkəti ilə birgə Azərbaycanın turizm imkanları, yeni turizm marşrutları və turpaketlərin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkənddəki turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın turizm imkanlarına dair fotosərgi, habelə mərkəzin “Bacarıqlı əllər” uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlərlə sərgilənib.

“My Travel” turizm şirkəti Naftalan müalicəvi sanatoriyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.

Təqdimatın məqsədi Azərbaycan və Özbəkistan turizm şirkətləri arasında əlaqələrin dərinləşdirilməsindən ibarətdir.

AMM-nin direktoru Samir Abbasov Azərbaycanın turizm imkanları, ölkəmizdə bu istiqamətdə son illər əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosedurunun sadələşdirildiyini, “Asan viza” sisteminin tətbiq edildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Samir Abbasov Özbəkistan ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə də məlumat verib.

Azərbaycanın “My Travel” turizm şirkətinin rəhbəri Elnarə Cabbarova ölkəmizin dünya şöhrətli Naftalan şəhərində yaradılmış müalicəvi turizm imkanlarına dair hazırladığı təqdimatı nümayiş etdirib. O, Naftalandakı bir sıra otellərdə yaradılan şərait, tibb turizmi istiqamətində həyata keçirilən işlər, özbək turistlərin Azərbaycanın müalicəvi turizm mərkəzlərindən istifadə etməsi imkanları barədə söhbət açıb.

Təqdimat mərasimində ilk dəfə olaraq Özbəkistan turistləri üçün maraq yaradacaq Azərbaycanın Quba rayonunun turizm imkanları nümayiş etdirilib və yeni marşrut iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Özbəkistanın turizm şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Bununla bağlı növbəti təqdimat noyabrın 20-də qədim Səmərqənd şəhərində keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.