DÜNYA
Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasına başlanıb
Daşkənd, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-dən Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, dünən prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb.
Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyevin, “Milli Dirçəliş Demokratik” Partiyasından Əlişir Kadırovun, Ekoloji Partiyadan Narzulla Oblomuradovun, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimovun və Xalq Demokratik Partiyasından Maqsuda Borisovanın namizədliyi qeydə alınıb.
Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilər.
Son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88,61 faizinin səsini toplayıb.
Özbəkistanda Prezident 5 il müddətinə seçilir.
Ölkədə növbəti prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd