CƏMİYYƏT


Özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara mal və materialların verilməsinə başlanılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırdabuynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunub. Bu il rəqəm dəfələrlə artaraq 7 minədək işsiz və işaxtaran vətəndaşın proqrama cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.

Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.