CƏMİYYƏT
Özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlərə başlanılıb
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərə başlanılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bir ay davam edəcək təlimlərdə özünüməşğulluq proqramına cəlb olunmuş 15 nəfər iştirak edir. Onlara təlimlər çərçivəsində özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunacaq. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.
Bakı ilə yanaşı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində də özünüməşğulluq proqramına qoşularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslər üçün təlimlər keçirilir. Ümumilikdə, bu təlimlərdə 94 nəfər iştirak edir.
Özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, agentliyin KOB dostlarına da müraciət edə bilərlər. KOB dostları tərəfindən müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilir, onların proqrama qoşulmasına dəstək göstərilir. KOBİA-nın özünüməşğulluğa göstərəcəyi dəstəyin digər istiqaməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri aktivlərlə (mal, material, avadanlıq və digər əmlak) təmin olunmuş şəxslərə mikro və kiçik biznes subyektinə çevrilmələri üçün KOB dostları vasitəsilə məsləhət və digər zəruri xidmətlərin göstərilməsi ilə bağlı olacaq.
KOBİA əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə özünüməşğulluğa dəstək göstərəcək. Bu dəstək 3 istiqamətdə olmaqla agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Bu istiqamətlərdən biri özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkil olunmasıdır.