DÜNYA
PAKİSTAN PREZİDENTİ ÜSƏMA BEN LADENİN SAĞ OLDUĞUNU BİLDİRİR
AZƏRTAC xəbər verir ki, Pakistan Prezidenti Pərviz Müşərrəf Argentinanın “La Nasyon” qəzetinə müsahibəsində bildirmişdir ki, Üsəma ben Laden sağdır, amma harada olduğu dəqiq məlum deyildir.
Pakistan dövlətinin başçısı demişdir: “Bu informasiya “Əl-Qaidə” təşkilatının həbs edilmiş üzvləri dindirilərkən təsdiqlənmişdir. Onların heç biri Üsəma ben Ladenin dəqiq harada olduğunu bilmir”.
Pərviz Müşərrəf vurğulamışdır ki, ABŞ-ın və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının bütün səylərinə baxmayaraq, ben Ladenin Pakistan ərazisində gizləndiyinə dair sübutlar tapmaq mümkün olmamışdır.
O, 2007-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə suala da cavab verərək demişdir: “Mən siyasətçi deyiləm və buna görə də prezident seçkilərində öz namizədliyimi irəli sürəcəyimi bəri başdan söyləyə bilmərəm. İndi mənim üçün başlıca vəzifə istər “Əl-Qaidə” olsun, istərsə də “Taliban” hərəkatı, fərqi yoxdur, sərhədlərimizdə terrorizmlə mübarizə aparılmasından ibarətdir”.