RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA KOMİSSİYASININ GENİŞLƏNMƏ ÜZRƏ ÜZVÜ GÜNTER VERHOGEN İLƏ GÖRÜŞÜ
Cənab Günter Verhogen dövlətimizin başçısını Avropa Komissiyasının iqamətgahı önündə böyük hörmət və ehtiramla qarşıladı. Prezident İlham Əliyev və cənab Günter Verhogen binanın foyesində, Azərbaycan Respublikasının və Avropa Komissiyasının bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Sonra təkbətək görüş keçirildi. Söhbət zamanı Azərbaycan-Avropa Komissiyası əməkdaşlığı və onun perspektivlərinə dair müzakirələr aparıldı. Cənab Günter Verhogen bildirdi ki, Avropa Komissiyası özünün yeni proqramı olan “Avropa qonşuluq siyasəti”nə Azərbaycanı da cəlb etmək niyyətindədir və bu, Azərbaycanın iqtisadi və digər sahələrdə inkişafı üçün faydalı ola bilər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair danışıqlar prosesinin gedişi, Cənubi Qafqaz regionunda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi edildi.
Cənab Günter Verhogen dövlətimizin başçısı ilə görüşməkdən şərəf duyduğunu vurğuladı və Prezident Heydər Əliyevin Azərbaycanın inkişafı sahəsində göstərdiyi xidmətləri vaxtilə yaxından izlədiyini bildirdi.