DÜNYA
Pakistanla Səudiyyə Ərəbistanı arasında 7 saziş imzalanıb
Bakı, 18 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Pakistana rəsmi səfəri çərçivəsində Ər-Riyadla İslamabad arasında əməkdaşlığa dair 7 saziş, o cümlədən neft-qaz sahəsində sənədlər imzalanıb.
AZƏRTAC Pakistanın “Dawn” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd bin Salmanın Pakistanın Baş naziri İmran Xanla təkbətək və geniş tərkibdə görüşlərindən sonra keçirilən mətbuat konfransında iki dost ölkə arasında müxtəlif sahələrdə, xüsusən energetika sektorunda əməkdaşlığın yaxşı potensialı olduğu vurğulanıb. Qeyd olunub ki, tərəflərin imzaladıqları Qarşılıqlı Anlaşma Memorandumunda Səudiyyə Ərəbistanının Pakistan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyması nəzərdə tutulur. İqtisadiyyatla yanaşı, iki ölkə siyasət, təhlükəsizlik sahəsində də sıx əməkdaşlıq edəcəklər.
Məhəmməd bin Salman bildirib ki, vəliəhd şahzadə təyin olunduqdan sonra Şərq ölkələrinə ilk rəsmi səfərini Pakistana etməsi onu göstərir ki, Ər-Riyad Pakistanla əməkdaşlığa strateji əhəmiyyət verir. O əlavə edib ki, hər iki dövlətin sıx əlaqələri regional əməkdaşlığa töhfə olacaq.
Pakistanın Baş naziri İmran Xan isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı onun ölkəsi üçün “zəruri dostdur”. Onun sözlərinə görə, İslamabad Səudiyyə Ərəbistanının Pakistan-Çin İqtisadiyyat Nəqliyyat Dəhlizində daha fəal iştirak etməsinin tərəfdarıdır.
Tərəflər Həcc ziyarəti zamanı pakistanlı zəvvarların sayının artırılması və Krallıqda işləyən Pakistan vətəndaşlarının problemlərinin həlli məsələlərini də müzakirə ediblər.