REGİONLAR
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Ağdam və Kürdəmir rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-də başlayan mübarizə tədbirləri Ağdam rayonunda 520 hektar, Kürdəmir rayonunda isə 1230 hektar (830 hektar trixoqramma, 400 hektar habrobrakon) pambıq əkini sahələrini əhatə edib və trixoqrammadan və habrobrakondan istifadə olunub. Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir.
Qeyd olunub ki, trixoqramma pambıq sovkasının təbii düşməni sayılır və zərərvericinin yumurtası ilə qidalanan parazit həşəratdır.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşəratdır, 0,5-0,8 millimetr uzunluğunda. Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Tixoqramma, həmçinin sahədə pambıq sovkasının yumurtaları ilə qidalanır. Trixoqrammanın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Trixoqrammalar laboratoriya şəraitində yoxanıldıqdan sonra tarlalara buraxılır. Buna görə də çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir. Tarla bitkilərində və bağlarda trixoqramma ya yetkin dövründə, ya da sahibin yumurtasından çıxmağa bir iki gün qalmış buraxılmalıdır.
Azərbaycanda pambıq sahəsində pambıq sovkasının tırtılları habrobrakon tərəfindən 42-50 faiz məhv edilir. Həşərat əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancaraq iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir. Hər bir dişi fərd ömrü boyu 350-yə qədər yumurta qoyur və bu dövrdə 240-a qədər tırtılı iflic edir. Yoluxmuş tırtıllar 10-12 gün yaşayıb məhv olur.
Laboratoriya şəraitində çoxaldılmış habrobrakon tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 10000 ədəd olmaqla buraxılmalıdır. Trixoqramma və habrobrakon minici pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 30-50 faiz azalmasına səbəb olur.