MƏDƏNİYYƏT
Parisdə Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası keçirilir
Paris, 24 oktyabr, AZƏRTAC
Ümumdünya İrs Komitəsinin Türkiyədə baş vermiş 15 iyul hadisələrinə görə təxirə salınan 40-cı sessiyası oktyabrın 24-də Parisdə, UNESCO-nun mənzil-qərargahında işə başlayıb.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və mədəniyyət üzrə milli ekspert Rizvan Bayramov daxildir.
Sessiyada operativ qaydalara əlavələr, ümumdünya irs abidələri, onların mühafizə statusu kimi məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan ötən il UNESCO-nun Ümumdünya İrs Komitəsinə dörd illik müddətə üzv seçilib. Komitə mədəniyyət və təbiət abidələrinin mühafizəsi üzrə 1972-ci il Konvensiyasının icrasına nəzarət edir və Ümumdünya İrs Siyahısına dair qərarlar qəbul edir.
Ümumdünya İrs Komitəsinin iclası oktyabrın 26-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris