İQTİSADİYYAT
Paşa Bankın ümumi kredit portfeli altı ayda 17 faiz artmışdır
Bakı, 9 sentyabr (AZƏRTAC). Paşa Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə və kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrün ilk yarısını uğurla başa vurmuşdur. Bank 193,727 milyon manat olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlamışdır.
Bu barədə Paşa Bankın idarə heyətinin sədri Fərid Axundov sentyabrın 9-da bankın bu ilin ilk altı ayı üzrə maliyyə nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Qeyd edilmişdir ki, Paşa Bankın aktivlərinin ümumi məbləği 659,570 milyon manat təşkil etmişdir ki, bu da müştəri hesablarında fəaliyyətin zəif olması səbəbindən ötən illə müqayisədə 9 faiz azalma deməkdir. Bankın ümumi kredit portfeli isə 17 faiz artaraq 331 milyon 690 min manata çatmışdır.
Altı ayda bankın xalis mənfəəti 5,490 milyon manat, ümumi əməliyyat gəliri 25,950 milyon manat, faiz gəliri 27,647 milyon manat, qeyri-faiz gəliri 4,613 milyon manat təşkil etmişdir.