CƏMİYYƏT
Pauerliftinq üzrə ölkə kuboku yarışında polis idmançılar yüksək nəticələr qazanıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Respublikamızın ən güclü atletlərinin qələbə uğrunda mübarizə apardıqları pauerliftinq üzrə ölkə kuboku yarışında polis idmançılar da yüksək nəticələr qazanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, altıqat dünya çempionu Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyaraq turnirin baş mükafatına sahib olub.
Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı və qalibi Razim Hüseynov isə ən ağır çəkili pəhləvanların sırasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətini yerinə yetirərkən 240 kiloqram nəticə ilə medal kolleksiyasına daha bir qızıl medal əlavə edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı Roman Əhmədov çəkisi 80 kiloqramadək olan idmançılar arasında “deadlift” (ştanqı qurşağadək dartma) hərəkətində 212,5 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsində yer alıb.