ELM VƏ TƏHSİL
Paytaxt üzrə 26 məktəbdə informatika təmayüllü siniflər açılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Ötən tədris ilində Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 30 ümumtəhsil məktəbinin iştirakı ilə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb. İnformatika müəllimlərinin iştirakı ilə seminar keçirilib.
Qeyd edək ki, Təhsil Nazirliyi, Təhsil və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 137 müəllim ixtisasartırma təlimlərində iştirak edib. Layihəyə cəlb edilən ümumtəhsil məktəblərinə 912 kompüter təqdim olunub. Layihədən 4456 şagird yararlanıb.