CƏMİYYƏT
Penitensiar Xidmətdə bölgə vətəndaşlarının videoqəbulu keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların nazirlikdə, bölgələrdə və müasir İKT-lər tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov tərəfindən Gəncə, Sumqayıt və Şəmkir regional ədliyyə idarələrinin yurisdiksiyasını əhatə edən rayonların vətəndaşları ilə videoqəbul keçirilib.
Qeyd olunun regional ədliyyə idarələri vasitəsilə əvvəlcədən qəbula yazılmış 17 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həll edilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah olunub. Digər məsələlərlə bağlı nazirliyin videoqəbulunda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.