İQTİSADİYYAT
“Petkim” xalis mənfəətini artırıb
Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC
Bu ilin ikinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti birinci rüblə müqayisədə 183 faiz artaraq 356 milyon türk lirəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, hesabat dövründə “Petkim”in satışları 2,3 milyard lirə olub.
Şirkətin faiz, amortizasiya və vergilərdən əvvəlki mənfəəti ikinci rübdə əvvəlki rübə görə 80 faiz artaraq 439 milyon lirə olub. Xalis mənfəət isə 183 faiz artaraq 126 milyon lirədən 356 milyon lirəyə çatıb.
“Petkim”in ikinci rübdə öz tutumundan istifadə nisbəti 96 faiz olub.
Şirkətin baş direktoru Anar Məmmədov deyib ki, bu ilin dördüncü rübündə istifadəyə veriləcək “Star” neft emalı zavodu “Petkim”in xammala olan tələbatının 100 faizini ödəyəcək.
Qeyd edək ki, “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini qarşılayır.
Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib. Yəni, 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.