CƏMİYYƏT
Pirallahı rayonunda əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün yeni istirahət guşələri salınıb
Bakı, 5 iyul, AZƏRTAC
Asudə vaxtın səmərəli təşkili, ətraf mühitin mühafizəsi və bərpası məqsədilə aparılan abadlıq-quruculuq işləri geniş vüsət alır.
AZƏRTAC xəbər verir ki, son vaxtlar bu sahədə paytaxtın Pirallahı rayonunda xeyli iş görülüb.
Qəsəbənin K.Rzayev küçəsində ümumi sahəsi 1 hektar olan, yeni salınan “Yaşıl park”ın ərazisində landşaft kompozisiyaları düzəldilib, həmişəyaşıl və dekorativ ağaclar əkilib, qazon örtüyü salınıb. Layihəyə uyğun olaraq, parkda işıq dirəkləri, oturacaqlar, söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılıb. Hazırda ərazidə metal konstruksiyadan iaşə obyekti və ticarət mərkəzinin inşası aparılır.
Gürgən qəsəbəsində süni gölün ətrafında “Gürgən parkı”n salınması işləri davam etdirilir. Həmin ərazidə yerləşən göl çirkab sulardan təmizlənib, yenidənqurma işləri həyata keçirilib. Gölün ətrafında 4 metr enində yol salınıb. Sahil boyu qaya daşları düzülüb, şəlalə quraşdırılıb. Şəlalənin ətrafında iki fəvvarə düzəldilib və gölə qayıqlar buraxılıb. Dekorativ yel dəyirmanı, gölün üzərində piyadalar üçün körpü düzəldilib, ətrafdakı yamacda yaşıllıqlar salınıb. Həmin parkla üzbəüz estetik gözəllik yaradan elementlərdən istifadə olunmaqla “Balıqçı həyatı” kompozisiyası quraşdırılıb.
Pirallahı qəsəbəsinin cənubunda 3 hektara yaxın ərazidə “Nərəkənd kompleksi”nin yaradılması istiqamətində də işlər davam edir. Kompleksin park hissəsində işlər artıq yekunlaşıb. Parkın ərazisində tamet və asfalt yollar salınıb, ağac və güllər əkilib, suvarma, işıqlandırma sistemləri quraşdırılıb, idman qurğuları yerləşdirilib. Həmçinin panton tipli iki körpü salınıb.
Qəsəbədəki Gənclər parkı, uşaq əyləncə parkı və “Neft daşları”nda Heydər Əliyev parkı da abadlaşdırılıb.
Bundan başqa, bir neçə məhəllədə kiçik parklar salınır. S.Vurğun küçəsində rayonun baş planına uyğun olaraq, salınacaq Heydər Əliyev parkının inşasına başlanılıb.