SİYASƏT
Polad Bülbüloğlu: Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri Azərbaycanı sevindirir
Moskva, 12 oktyabr, AZƏRTAC
Üçtərəfli Putin-Əliyev-Ərdoğan, habelə Putin-Əliyev-Ruhani formatları ciddi irəliləyişin, həmçinin sülh və təhlükəsizlik regionu yaratmaq üçün zəmin olduğunu göstərir. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibəsində söyləyib.
Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını və dövlət başçılarının danışıqlarında əldə olunmuş razılaşmaları, habelə dünya birliyinin həmin tədbirə böyük marağını şərh edən Azərbaycan səfiri qeyd edib ki, Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri bu ölkələrlə geniş əlaqələri olan Azərbaycanı qardaş ölkə kimi sevindirir. P.Bülbüloğlu deyib: “Sevinirik ki, onların münasibətləri ilə bağlı vəziyyət 180 dərəcə dəyişib. Hazırda iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar, hələ bu yaxınlara qədər televiziya ekranlarından Türkiyəyə və onun Prezidentinə həqarətlər yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deyiləcək sözləri yoxdur. Politoloqlar irəlini görməyi bacarmalıdırlar. Onlar başa düşməlidirlər ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran münasibətləri həm region, həm də dünya üçün çox əhəmiyyətlidir. Xüsusən müxtəlif güc mərkəzlərinin qarşı-qarşıya gəldiyi bir vaxtda. Mənə elə gəlir ki, bu, ölkələrimizin qarşılıqlı münasibətləri tarixində yeni mərhələdir”. Azərbaycan səfiri fikrini bu sözlərlə yekunlaşdırıb: “Yalnız Dağlıq Qarabağ münaqişəsini həll etmək qalır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva