SİYASƏT
Politoloq: Qoşulmama Hərəkatına sədrliyin uzadılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir
Bakı, 14 oktyabr, AZƏRTAC
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında Qoşulmama Hərəkatının (QH) ideyası formalaşıb. Bandunq Konfransından 6 il sonra, yəni, 1961-ci il sentyabrın 1-dən 6-dək keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Hərəkatın institusional əsası qoyulub. Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşləri qurumun ən ali toplantısı hesab olunur. Sammitlər üç ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. O zamanlar ölkəmizdə bəzi siyasi skeptiklər bu təşkilata üzvlüyün Azərbaycana heç bir xeyir verməyəcəyi ilə bağlı mülahizələr irəli sürürdülər. Çünki Cənubi Qafqazın hərbi-siyasi arxitekturasına nəzər salsaq, burada Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində meyillənməklə, Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla öz geosiyasi vektorlarını müəyyənləşdirdiklərini görmək olar. Ölkəmiz isə heç bir hərbi-siyasi bloklara qoşulmamaq və regional siyasətdə balansı qorumaqla bütün oyunçularla bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurmaq tezisini irəli sürdü. Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu. Üzvlükdən qısa müddət sonra ölkəmizin QH-yə sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi kimi dəyərləndirildi.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunmağa başlandı. Ötən dövr ərzində Azərbaycan Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloqun sözlərinə görə, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının çoxsaylı sənədlərində dəstəklənib. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi müşahidə olundu. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilmiş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu, bir daha göstərir ki, Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası öz uğurlu nəticəsini verdi. Regionun xarakteristikasını nəzərə alaraq atılan addımlar uzun illər sonra milli maraqlarımız kontekstində siyasi dividentlər qazandırdı.
“Qeyd edək ki, 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət edib və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan isə öz növbəsində bu təklifi qəbul edib. Nəticədə Qoşulmama Hərəkatının bu il iyulun 13-14-də virtual formatda keçirilən Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Qeyd etməkdə fayda var ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvlərinin legitim maraqlarını, eyni zamanda, beynəlxalq hüquq və ədaləti müdafiə etməsi üzv dövlətlər tərəfindən təqdir olunur və məqbul hesab edilir. Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmam Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının, inamının növbəti təzahürüdür. Həmin qərar Qoşulmama Hərəkatının üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Belə ki, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə mühüm töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı Azərbaycanın ədalətə, beynəlxalq hüquqa, multilateralizmə və çoxtərəfli diplomatiyaya əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndirir və sədrliyi uğurla davam etdirir”, - deyə İ.Hüseynov bildirib.