İQTİSADİYYAT
Prezident: Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Azərbaycanın qüdrətinin, iqtisadi potensialının, siyasi çəkisinin, regional müstəvidə rolunun artdığını və bu kontraktların bizə böyük iqtisadi mənfəət, səmərə verdiyini vurğulayan Prezident deyib: “Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.
Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq”.