SİYASƏT


Prezident İlham Əliyev: Biz birlikdə güclüyük! VİDEO

Bakı, 28 mart, AZƏRTAC

“Alov qüllələri”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” şüarları əks olunub.

Biz birlikdə güclüyük!

Dövlətimizin başçısının bu fikri Azərbaycan xalqının həmrəyliyini, birliyini, ölkədə xalq-iqtidar birliyini təcəssüm etdirir. Bu fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanın bu günədək əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib.

Milli həmrəylik və birlik Azərbaycanın bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir. Məhz Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Ötən müddətdə koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Görülən işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür: az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq.

Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Qərarlar qəbul olunarkən həm xəstələr, həm sahibkarlar, həm də işləyən insanlar nəzərə alınır. Azərbaycan dövləti həm xəstələrə, həm də iş adamlarına sahib çıxıb.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat məbləğində vəsaitin yığılması Azərbaycan xalqının böyüklüyünü və ən ağır dövrdə də birləşə bildiyini göstərir. Ən əsası odur ki, “Biz birlikdə güclüyük!” şüarı koronavirus pandemiyası başa çatandan sonra da qüvvədə olacaq.

Eşq olsun Azərbaycan həkimlərinə!

Bu gün bütün dünya koronavirusla mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimləri alqışlayır, onlara inanır və onlara güvənirlər. Azərbaycan həkimləri əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır. Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür, koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görür. Dövlətin gördüyü işlər, həkimlərin əməyi, birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşları qorumağa imkan verəcək.

Bunun üçün ölkəmizdə mükəmməl səhiyyə infrastrukturu yaradılıb. Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. 2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Təbii ki, əgər vaxtında müasir səhiyyə infrastrukturu formalaşdırılmasaydı, koronavirus pandemiyasına, eləcə də digər xəstəliklərə qarşı mübarizə aparmaq mümkün olmazdı.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə martın 28-də Bakıda istifadəyə verilən “Yeni klinika” bütün müasir standartlara cavab verir. Ölkəmizin aparıcı xəstəxanası olan bu tibb ocağının fəaliyyətə başlaması koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hazırda koronavirus xəstələri ən həssas təbəqədir və onların müalicəsi, bu qəbildən olan xəstələrə lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Həkimlərin əsas motivasiyası maddi təminat deyil, vəzifə borcunu yerinə yetirmək, Hippokrat andına sadiqlik göstərməkdir. Azərbaycan həkimləri xalqımıza xas ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Həkimlər ən yüksək qiymətə layiqdirlər. Bu ağır günlərdə həkimlərimizin əməyi, fədakarlığı yüksək qiymətləndirilir, onlara həmrəylik və dəstək göstərmək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.

Azərbaycan vətəndaşları həkimlərə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacaqlarına inanırlar. Bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur.

Evdə qal Azərbaycan!

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. İnfeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və bayıra çıxmamalıdırlar. Vətəndaşlar özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gəlməyə töhfə vermiş olacaqlar. Bütün bəşəriyyətin gələcəyinin ciddi təhdid altında olduğu bu günlərdə hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Yadda saxlamaq lazımdır ki, tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmağa yönəlib.

Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda polis əməkdaşları səbir və təmkinlə insanlara qaydaları çatdırır, onları başa salmağa çalışırlar. Polisin üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da xalqımızın asayişi kimi, sağlamlığının da keşiyində gecə-gündüz çalışır, bu yolda öz sağlamlıqlarını da risk altına atırlar. Bu çətin və həlledici dövrdə heç bir şəxsin səhlənkarlığa, məsuliyyətsizliyə yol verməyə haqqı yoxdur. Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar mütləq məsuliyyətə cəlb edilməlidir. Məsuliyyət hissi bu gün nümayiş etdirilən həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır. Ona görə də hər bir vətəndaşımız həkimlərimizin, polis əməkdaşlarımızın bu fədakarlığını, yorulmaz səylərini örnək almalı, qəbul olunan qərarlara əməl etməli, koronavirusla mübarizədə ən başlıca vasitə kimi özünü təcrid etməli, evdə qalmalıdır. Yalnız bu yolla koronavirusa qalib gəlmək mümkündür. Azərbaycan dövlətinin iqtisadi qüdrəti, həyata keçirdiyi qətiyyətli addımlar, fədakar həkimlərimizin yorulmaz səyləri, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik ölkəmizin bu mübarizədən də qalib çıxacağını deməyə qəti inam və güclü əsas yaradır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.