CƏMİYYƏT
Prezident İlham Əliyev tikinti sektorunda çalışan insanların əməyini layiqincə qiymətləndirir
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında İnşaatçılar Günü münasibətilə tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirib. Natiq ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə FHN-in bu sahədə çalışan əməkdaşlarının da töhfə verdiklərini vurğulayıb və onları peşə bayramı münasıbətilə təbrik edib.
Mehman İsmayılov qeyd edib ki, hər il aprelin 10-da ölkə inşaatçılarının peşə bayramının təntənəli şəkildə qeyd olunması Azərbaycan Prezidenti İlham Əliyevin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizin böyük tikinti meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulayıb. O, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da payının olduğunu diqqətə çatdırıb. C.Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkəmizdə son illərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verərək tikinti sektorunun iqtisadiyyatda oynadığı əhəmiyyətli roldan danışıb və inşaatçı peşəsinin çətin və məsuliyyəti ilə yanaşı, həm də şərəfli peşələrdən olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Dövlətimizin başçısının diqqət və qayğısı inşaatçıları daha məhsuldar fəaliyyətə sövq edir.
Tədbirdə çıxış edən agentliyin əməkdaşı Kərim Ağayev aprelin 10-nun ölkədə İnşaatçılar Günü kimi qeyd olunmasının Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirib.
Toplantıda İnşaatçılar Günü münasibətilə FHN işçilərinin həmkarlar ittifaqının İcraiyyə Komitəsi tərəfindən FHN-in Əsaslı Tikinti İdarəsində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aparat və qurumlarında çalışan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənib, eləcə də yubiley yaşları tamam olan bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bundan əlavə, bir neçə əməkdaş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları ilə təltif edilib.