SİYASƏT
Prezident İlham Əliyevin Qarabağa səfəri : azad olunmuş torpaqların bərpası, bölgə üçün əhəmiyyətli layihələr, revanşist qüvvələrə xəbərdarlıq
Bakı, 17 fevral, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağa növbəti səfəri ilə bağlı bir neçə fikir yürütmək olar. İlk növbədə, biz erməni vandallarından azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin şahidi oluruq. Dövlətimizin başçısı Qarabağın inkişafına xüsusi diqqət yetirir. Səfər zamanı onun hər bir kənd, hər bir rayon haqqında verdiyi tam, dolğun məlumatlar insanda qürur hissi yaradır. Bir tərəfdən sevinirik ki, nəhayət, biz öz doğma torpaqlarımıza qayıdırıq, burada qurub yaratmağa başlayırıq. Digər tərəfdən, bu Qələbənin bizim əsgər və zabitlərimizin qanı, canı bahasına gəldiyi üçün qazandığımız Zəfərin nə qədər önəmli olduğunu dərk edirik. Həqiqətən də bütün bunlar hamımıza qeyri-adi duyğular yaşadır. Prezident İlham Əliyevin dağılmış, xarabaya çevrilmiş hər kənddən, hər rayondan keçdikcə verdiyi şərhlər, əlbəttə, olduqca vacibdir. Bunların bir qismi xalqımıza, doğma, əzəli-əbədi yurdlarından didərgin düşən vətəndaşlarımıza çağırışdır ki, siz çox tez bir zamanda öz yurdunuzda yaşayacaqsınız. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.
Deputat bildirib: “Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirərək deyib: “Artıq xarici və yerli investorları dəvət etmişəm. Bütün əsas işləri Azərbaycan dövləti özü həyata keçirəcək. Lakin xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz töhfələrini verə bilərlər”. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə yalnız bərpa edilməsi deyil, eyni zamanda, yenidən və daha mütəşəkkil formada qurulması planlaşdırılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”.
H.Hüseynova deyib ki, eyni zamanda, Prezident İlham Əliyev diqqəti yol boyu dağıdılmış evlərə çəkərək, erməni işğalçılığının bariz nümunələrini bir daha dünya ictimaiyyətinə çatdırdı. Erməni faşizmi təkcə vətəndaşlarımıza qarşı deyil, evlərimizə, məzarlarımıza, tarixi, mədəni, dini abidələrimizə, meşələrimizə qarşı da terror törədib. Ona görə də Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində ağır zərbələr alan, ancaq yenidən baş qaldırmaq istəyənlərə bir daha xəbərdarlıq edərək bildirdi: “Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. Əfsuslar olsun ki, erməni tərəfinin bəzi cinayətkar siyasətçiləri tez-tez bizim Qələbəmizə, haqlı mübarizəmizə kölgə salan təxribatçı fikirlər səsləndirirlər və bir çox hallarda biz bu məlumatların yerli KİV-də də tirajlandığını müşahidə edirik. Dövlətimizin başçısı səfər zaman bəzi hərbi əməliyyatlar haqqında geniş məlumat verərək, Azərbaycan Ordusunun şanlı Qələbəsini bir daha vətəndaşlarımızın, eləcə də dünya ictimaiyyətinin nəzərinə çatdırdı: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik”.
Vətən müharibəsindən sonra Azərbaycanın regiondakı rolunu getdikcə daha da artmağa başladığını bildirən komitə sədri qeyd edib ki, həyata keçiriləcək yeni nəqliyyat layihələri və digər proqramlar həm Türk dünyasına, həm Cənubi Qafqaza, region ölkələrinə, həm də Avropaya mühüm töhfələr verəcəkdir. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimindən sonra bu infrastrukturun mühüm strateji əhəmiyyətini vurğulayan dövlətimizin başçısı dedi : “Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır”.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin və sülhün təmin edilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var və burada iştirak edən bütün ölkələr bundan faydalanacaqlar. Dövlətimizin başçısı səfər zamanı bu layihələrin həm Azərbaycan, həm də bölgə üçün vacibliyini şərh edərək bildirib: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Komitə sədri, həmçinin diqqətə çatdırıb ki, 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” kimi qətiyyətli fikri artıq bu münaqişənin pik həddə çatdığına bir işarə oldu. Xalqımızın səbri tükənmək üzrə idi. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə bitən 44 günlük Vətən müharibəsi 30 illik Qarabağ həsrətinə son qoydu. Bu gün bizim qarşımızdakı əsas hədəf Qarabağda bərpa-quruculuq işləri aparmaq, yaşamaq, yaratmaqdır.