SİYASƏT


Prezident İlham Əliyevin mətbuat konfransı – Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsi

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox vacib və aktual məsələlərə toxundu. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə - Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı.

Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov bildirib.

Mehman İsmayılov qeyd edib ki, 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən artıq media orqanının 50-yə yaxın sualını cavablandıran dövlətimizin başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi. Media nümayəndələrinin suallarına, hətta spekulyativ xarakterli suallara belə nəzakətlə, ətraflı, dəqiq cavablar verdi. Ünvanlanan bütün sualları təmkinlə dinləyən və tutarlı faktlarla cavablandıran dövlətimizin başçısı yüksək natiqlik bacarığını, peşəkar siyasi xadim olduğunu nümayiş etdirdi. Prezidentin bu keyfiyyətləri mətbuat konfransında iştirak edən xarici media nümayəndələrini də heyrətləndirdi. Bu məqamda britaniyalı müstəqil jurnalist Aynur Tattersalın sözlərini xatırlamaq yerinə düşər: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin hər zaman ilklərə imza atan dövlət başçısı kimi tanınması hamıya məlumdur. Bu mətbuat konfransı da belə oldu, Azərbaycan Prezidenti daha bir ilkə imza atdı. Bu, Prezidentin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Dövlətimizin başçısı bu məsələyə toxunaraq dedi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”. Mətbuat konfransı artıq dövlətimizin başçısının hər fikrini maraqla dinləyən geniş bir auditoriyanın olduğunu və onun çox önəmli mesajlar verdiyini göstərdi. Bütün dünya Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu bir daha gördü.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı 30-dan artıq xarici KİV-ə verdiyi müsahibələr hər kəsin xatirindədir. Hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi və bu da informasiya müharibəsində ermənilərə çox böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Yəni, əvvəllər üzləşdiyimiz haqsız vəziyyətlər artıq arxadan qalxıb, indi situasiya tam fərqlidir. Bu gün dövlətimizin başçısı qalib Azərbaycanın qalib lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır. Tam əminliklə demək olar ki, mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı növbəti qələbəsidir.

Xarici jurnalistlər tərəfindən Prezidentə ünvanlanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, dövlətimizin başçısının dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır. Suallar həm də göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Bu da onunla əlaqədardır ki, Azərbaycan artıq regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısı dünya mediasının diqqətini bu reallığa yönəltdi. Artıq dünya ictimaiyyəti yaxşı bilir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Sözsüz ki, bütün bunlar Azərbaycana, onun liderinə olan hörməti daha da artırıb. Bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, aparıcı xarici kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi mesajları manşetlərə çıxardı, bu mesajlar geniş rezonans doğurdu.

Mehman İsmayılov deyib: “Bir sözlə, mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan böyük önəm kəsb edir. Azərbaycanın birmənalı mövqeyinin yenidən ortaya qoyulduğu bu mətbuat konfransı ilə dövlətimizin başçısı dünyanın diqqətini bir daha özünə cəlb etdi, ölkəmizin informasiya cəbhəsində mövqeyi daha da gücləndi”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.