SİYASƏT
Prezidentin Əfv Sərəncamı milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımdır
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb. Belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib. Prezident İlham Əliyevin martın 18-də imzaladığı Əfv Sərəncamı dövlətimizin başçısının humanizm siyasətinin daha bir nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Novruz bayramı ərəfəsində növbəti Əfv Sərəncamının imzalanması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz vətəndaş amilinin dayandığını bir daha göstərir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə böyük sevinc yaşatdı. İndiyədək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə əfv və amnistiya aktları on minlərlə şəxsi əhatə edib. Yəni, Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə onu etdiyi səhvdən çəkindirməkdir. “Prezidentin builki Əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Sərəncama əsasən, 625 məhkum əfv edilib ki, bu da çox böyük rəqəmdir. Məhkum olunanlardan 475 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəzlənib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad edilib”, - deyən Vüqar İskəndərov vurğulayıb ki, Prezidentin Əfv Sərəncamı milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımdır.
Deputat bildirib ki, əfv olunanlar arasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər, bundan başqa Azərbaycan İslam Partiyasının sədr müavini, AXCP-dən olan 5 siyasi fəal və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfər də var. Ümumiyyətlə, əfv sərəncamlarının imzalanmasının həm də əxlaqi, mənəvi-psixoloji, ictimai faydası inkaredilməzdir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir. Yəni, əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınır.