ELM VƏ TƏHSİL


Professor Musa Qasımlı: Ermənistan və onun işğalçı ordusu dövlətimizin və Ali Baş Komandanımızın qarşısında diz çökdü

Bakı, 10 noyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin şərtlərini Ermənistanın baş naziri Nikol Paşinyanın çarəsizlikdən, məcburən qəbul edib, məlum sənədi miskin halda imzalaması rüsvayçı təslim aktıdır. Bu gün Ermənistanın baş naziri və bütün Ermənistan rəhbərliyi döyüş meydanında zəfərlər qazanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çəkmələrinin altındadır. Ermənistan və onun işğalçı ordusu dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın qarşısında diz çöküb. Qalib Azərbaycan dövləti artıq masada, diplomatik-siyasi sahədə də hökm edən rolundadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, bu gün artıq 1988-ci ildən bəri başlayan “miatsum” və qondarma qurumun tanınması tələbləri tarixin zibilliyinə atılıb. “Yenilməz” Ermənistan ordusu mifi dağıdılıb, dünya erməniliyinə indiyə qədər görülməyən öldürücü zərbə endirilib, Ermənistanda dövlət idarəçiliyinin puçluğu, səmərəsizliyi, iqtisadiyyatın, hərb sistemin çürüklüyü təsdiq olunub. Ermənistan ağır siyasi, iqtisadi, mənəvi-psixoloji böhran girdabı, vətəndaş müharibəsi və xaos içindədir. Artıq parlamentin binası, baş nazirin kabineti dağıdılıb. Bu, onu göstərir ki, Ermənistan adlı dövlətin gələcəyi yoxdur.

“Müharibədə dövlətimiz bütün sahələrdə - ordumuzun qüdrətini, iqtisadiyyatımızın gücünü, dövlət sistemimizin səmərəliliyini, millətimizin vətənpərvərlik ruhunun yüksəkliyini və yenilməz iradəsini təsdiq etdi. Prezidentimiz mümkün olmayanları mümkün etməklə millətimizin üstündəki ləkəni sildi, əyilmiş qamətini düzəltdi, papağını başına qoydu, onu məğlub millətdən qalib millətə çevirdi.

Sənədə əsasən işğal altında olan Ağdam, Kəlbəcər və Laçından işğalçı qüvvələr verilmiş cədvələ uyğun olaraq çıxarılacaq. Heç şübhəsiz, təcavüzkar Ermənistanın qoşunlarını çıxarmasına dair öhdəlik götürməsi onun işğalçı dövlət olduğunu qəbul etməsi deməkdir. Deməli, bunun ardınca işğalçı ölkənin Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməsi gəlir. Ermənistan təzminatı ödəmək gücündə olmadığından, ərazisindəki fabrik və zavodlar isə başqa bir ölkənin mülkiyyəti olduğundan Azərbaycan dövlətinə vurduğu ziyanı ərazisi ilə ödəməlidir. Ən əhəmiyyətli məsələlərdən biri Naxçıvanla quru əlaqəsinin yaradılması barədə öhdəliyin götürülməsidir. Bu, böyük strateji əhəmiyyət daşıyan, tarixi uğurdur. Millətimizin və dövlətimizin gözəl gələcəyi vardır. Tarixi qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm”, - deyə M.Qasımlı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.