SİYASƏT
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM İŞİNİN TƏŞKİLİ SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI SƏFİRLİYİMİZİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Azərbaycanın qaçqın və məcburi köçkünlərinə humanitar yardım göstərən ölkələr arasında Səudiyyə Ərəbistanı Krallığı birincilər sırasındadır. Bu işdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşkilatçılıq işinin də əhəmiyyətli rolu vardır.
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Elman Araslı AZƏRTAC-ın müxbirinə demişdir ki, bu ölkədəki xeyriyyəçi humanitar təşkilatlarla sıx əlaqə yaratmışıq. Avqustun 29-da Məkkə şəhərində İslam Aləmi Liqasının (RABİTA) baş katibi doktor Abdulla Turki, sentyabrın 1-də Ciddə şəhərində “Nicat” İslam Xeyriyyə Təşkilatının baş katibi Adnan Paşa ilə görüşlərim olmuşdur. Həmin görüşlərdə qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımların həcminin artırılmasını xahiş etmişdim. Bu qurumlar xahişi qəbul edərək əlavə yardımlar göstərmişlər. Xatırladım ki, Səudiyyə Ərəbistanının “Nicat” Xeyriyyə Təşkilatı 10 ildən artıqdır ki, Bərdədə yerləşən 3 çadır düşərgəsində və Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərin bütün yaşayış xərclərini ödəyir. Səudiyyə Ərəbistanı Kralının humanitar yardım proqramı vardır və bu proqram çərçivəsində Azərbaycana vaxtaşırı yardımlar göndərilir. Ciddə şəhərində yerləşən İslam İnkişaf Bankı tərəfindən isə hər il qaçqın və məcburi köçkünlərimizə paylamaq üçün Bakıya 5 min ədəd qurbanlıq qoyun cəmdəyi gətirilir.
Səfirin sözlərinə görə, Səudiyyə Qırmızı Aypara Cəmiyyəti qarşıdan gələn Ramazan bayramı ilə bağlı ölkəmizə əlavə humanitar yardım göndərəcəyinə söz vermişdir.