QADINLARIN DÜNYA SAMMİTİ KEÇİRİLMİŞDİR
AzerTAg.az
Cənubi Koreyanın paytaxtı Seulda qadınların XI Dünya sammiti keçirilmişdir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, zirvə toplantısında 84 ölkədən hökumət və qeyri-hökumət təşkilatlarını, qadın assosiasiyalarını və biznes sektorunu təmsil edən 840 rəhbər qadın iştirak etmişdir. Qadınların “Davos forumu” adlandırılan bu sammitin əsas məqsədi onların iqtisadiyyatda rolunun artırılması ilə bağlı müzakirələr aparmaqdır.
Qadınların Dünya Sammitinin prezidenti İren Natividad və Seulun meri Lee Myunq Bak iştirakçıları salamlayaraq qadınların cəmiyyətdə rolunun və iqtisadi fəallığının artırılmasının əhəmiyyətindən danışmışlar.
Tədbir çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar, habelə qadınların birinci VVEXPO sərgisi təşkil edilmişdi.
Sammitdə milli və beynəlxalq səviyyədə liderlik edən qadınlara mükafatlar təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Gülşən Rzayeva təmsil etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var