SİYASƏT
QADINLARIN MÜNASİB İŞLƏ TƏMİN OLUNMASINA DİQQƏT YETİRİLİR
2002-2003-cü illər ərzində respublikanın şəhər və rayonlarında keçirilən “Əmək yarmarkaları”nda qadınların münasib işlə təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Yarmarkalarda 3 471 nəfər qadın münasib işlə təmin olunmuş, 532 qadın peşə hazırlığına, 278 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.
Həmin dövr ərzində Bakı, Sumqayıt və Naxçıvan şəhərində fəaliyyət göstərən “Əmək birjaları” vasitəsilə 5 452 nəfər müvəqqəti işlərə göndərilmişdir ki, bunların da 2 335 nəfəri qadınlardır.
Qadın Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin qadınların sosial müdafiəsi və onların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti nəticəsində mümkün olmuşdur.