QARDAŞ AİLƏ MÜNAQİŞƏSİ ZƏMİNİNDƏ ÜÇ BACISINI QƏTLƏ YETİRMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beyləqan rayonunun Eyvazalılar kəndinin sakini, əvvəllər məhkum olunmuş İmanqulu Cəfərov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq bacıları Sagül, Süsən və Nisəni qətlə yetirmiş, sonra isə digər bacısı Xalisəni öldürmək məqsədi ilə onun yaşadığı evə getmişdir. Lakin Xalisənin əri Xaliq Cəfərov tüfəngi İmanqulunun əlindən almışdır. Bundan sonra qatil “Moskviç-412” markalı avtomaşınla hadisə yerindən qaçmışdır.
Beyləqan və İmişli rayon polis şöbələri əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində cinayətkar tutulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.