SİYASƏT
QAZAXISTANDA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLMİŞDİR
Ölkədə 9597 seçki məntəqəsi fəaliyyət göstərmiş, siyahılara səkkiz milyondan çox seçicinin adı salınmışdır. 1447 seçki məntəqəsində təxminən 2 milyon 500 min seçici “Saylau” elektron seçki sistemi vasitəsilə səs vermişdir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Onalsın Jumabekov Astanada keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ilkin nəticələrə görə, seçkilərdə səsvermə hüququ olan vətəndaşların 75,52 faizi iştirak etmişdir. Seçkilər ədalətli və şəffaf keçmiş, ciddi qanun pozuntuları qeydə alınmamışdır. Seçkilərin nəticələri dekabrın 5-də elan olunacaqdır.
Qazaxıstan prezidentliyi uğrunda beş namizəd mübarizə aparmışdır. Bunlar indiki prezident Nursultan Nazarbayev, “Ədalətli Qazaxıstan uğrunda” müxalifət blokunun lideri Jarmaxan Tuyakbay, “Təbiət” ekoloji ittifaqının sədri Mels Eleusizov, deputat Erasıl Abılkasımov, “İşıqlı yol” müxalifət partiyasının sədri Əlixan Baymenovdur. İlkin hesablamalara görə, N.Nazarbayev ən çox səs toplamışdır.