İQTİSADİYYAT
QAZMAÇILARI BU İL DAHA MƏSUL VƏZİFƏLƏR GÖZLƏYİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ötən il qazmaçılar dəniz akvatoriyasında və quruda 147 min 994 metr qazma işi apararaq illik tapşırığa 109,8 faiz əməl ediblər. Bu uğurların qazanılmasında “Azneft” İstehsalat Birliyinin Abşeron Qazma İşləri İdarəsinin kollektivinin xüsusi əməyi olmuşdur. İdarənin kollektivi 36 min 758 metr qazma işi apararaq illik tapşırığı 115,4 faiz yerinə yetirmişdir. Bu göstərici 2005-ci illə müqayisədə 15 min 508 metr çoxdur. Ötən il Abşeron qazmaçıları 22 quyunun qazmasını, 21 quyunun tikintisini başa çatdırmış, 25 quyunun isə qazılmasına başlamışlar.
2007-ci ildə Abşeron qazmaçılarını daha məsul və çətin vəzifələr gözləyir. İdarənin kollektivi il ərzində 47 min 825 metr qazma işləri aparmalı, qazmaya başlamaq üçün quyu tikintisini sürətləndirməlidir. Qazmaçılar yanvarda 6 min metrdən artıq qazma işi aparmaqla, aylıq tapşırığa təqribən 150 faiz əməl etmişlər. Bu il istismar qazması ilə yanaşı, kəşfiyyat işlərinin də artırılması nəzərdə tutulmuşdur. Pirallahı sahəsində layihə dərinliyi 1050 metr olan 1200 saylı axtarış-kəşfiyyat quyusuun qazıntısı uğurla davam etdirilir. H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi Türkan sahəsində layihə dərinliyi 3800 metr olan quyunun qazma işlərinə başlanılacaq.