SİYASƏT
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI BTC LAYİHƏSİNİ DƏSTƏKLƏYİRLƏR
Azərbaycan, Gürcüstan və Türkiyədə cəmiyyət Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsini dəstəkləyir. Bunu Vaşinqtonun Brukinqs İnstitutunda əsas ixrac boru kəməri layihəsinə həsr olunmuş dəyirmi masada iştirak edən yerli qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri bildirmiş və beləliklə, əksər QHT-lərin layihəyə qarşı çıxdıqları barədə yayılmış rəyə son qoymuşlar.
AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, dəyirmi masada iştirak edən və BTC layihəsini dəstəkləyən qeyri-hökumət təşkilatları koalisiyasının başçısı Sabit Bağırov boru kəmərinin inşasını ölkəmiz üçün şans kimi dəyərləndirmişdir. Bu şans iqtisadi inkişafa yardım edəcək və Azərbaycan xalqının bir sıra sosial problemlərinin həllinə səbəb olacaqdır. Sabit Bağırovun təmsil etdiyi koalisiya ötən ilin oktyabrında yaranıb və Azərbaycanın 180, Gürcüstanın 26 və Türkiyənin 22 qeyri-hökumət təşkilatını birləşdirir. Həmfikirlər layihənin bölgə üçün əvəzolunmaz əhəmiyyətini başa düşərək, aparıcı dövlətlərə və beynəlxalq maliyyə qurumlarına müraciət etmək niyyətindədirlər. Koalisiya BTC-yə dair müzakirələrdə yaxından iştirak edir və layihədə ekoloji standartların yerinə yetirilməsi, kəmərin keçəcəyi ərazilərdə yaşayan vətəndaşların hüquqlarının müdafiəsi, onların işlə təmini, tarixi abidələrin qorunması məsələlərində monitorinq keçirməyi planlaşdırır.
Dəyirmi masanın iştirakçıları vurğulamışlar ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin yaranma səbəblərindən biri də Bosfor boğazını ekoloji faciədən uzaqlaşdırmaqdır. Şərq-Qərb enerji dəhlizinin bir hissəsi olan bu layihə region dövlətlərinin suverenliyini və müstəqilliyini möhkəmləndirəcək və keçid dövrünün çətinliklərini tezliklə aradan qaldırmağa kömək edəcəkdir.
Dəyirmi masada ABŞ-ın icra və qanunvericilik strukturlarının, beynəlxalq maliyyə qurumlarının, nüfuzlu elmi tədqiqat mərkəzlərinin və qeyri-hökumət sektorunun nümayəndələri, Vaşinqtondakı diplomatik korpusun təmsilçiləri iştirak edirdilər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton