CƏMİYYƏT


“QHTFilm.az” saytının təqdimatı olub

Bakı, 31 oktyabr, AZƏRTAC 

Beynəlxalq Mətbuat Mərkəzində “QHTFilm.az” saytının və “NGOFilm” mobil applikasiyasının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək “QHTFilm.az” saytının və “NGOFilm” mobil applikasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlandığını bildirib.

Qeyd edilib ki, layihədə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların, həmçinin digər vizual materialların vahid elektron bazasının formalaşdırılması, sosial şəbəkələrdə təbliği nəzərdə tutulur. İnternet resurslarına mobil cihazlardan girişin sürətlə artdığını diqqətə çatdıran C.Hüseynzadə bu məqsədlə Android sistemli mobil telefonlar üçün “NGOfilm” applikasiyasının hazırlandığını qeyd edib. Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər.

Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan “Youtube” və “Facebook” səhifələrinə da daxil edilib və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilib.

Tədbirdə qeyd edilib ki, hər il Şuranın dəstəyi ilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayırlar. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliğinə, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlərə və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda layihə və sayt haqqında videoroliklər, həmçinin NGOfilm mobil applikasiyasının yüklənməsi və istifadə qaydaları haqqında videotəlimat nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.