CƏMİYYƏT


QİÇS-LƏ BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİLƏ ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİNİN MƏRUZƏSİ YAYILMIŞDIR

AZƏRTAC xəbər verir ki, 1 dekabr - QİÇS-lə Beynəlxalq mübarizə günü münasibətilə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnişin məruzəsi yayılmışdır.

Məruzədə deyilir ki, ABŞ prezidenti Corc Buşun təklifi ilə qəbul olunmuş QİÇS-ə Qarşı Yardım Planı uğurla həyata keçirilir. ABŞ ictimaiyyətin yaxından iştirakı ilə mübarizə tədbirlərindən ötrü 15 milyard dollar vəsait toplamışdır. Bu plan beynəlxalq səhiyyə təşəbbüsü kimi tarixdə bir xəstəliyə qarşı ictimaiyyət tərəfindən təklif olunmuş ən böyük layihədir. Bu il ABŞ xalqı həmin xəstəliklə mübarizəyə 2,4 milyard dollar vəsait xərcləmişdir ki, bu da bütün donor ölkələri hökumətlərinin birlikdə köçürdükləri məbləğdən xeyli çoxdur.

Məruzədə daha sonra qeyd olunur ki, BMT-nin QİÇS üzrə Birgə Proqramına və Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabata görə, QİÇS-in kəskin artımı Şərqi Asiya, Şərqi Avropa və Orta Asiyada diqqəti cəlb edir. Sonuncu iki regionda QİÇS-ə yoluxanların 80 faizinin yaşı 30-dan aşağıdır.

Həmin hesabatda Azərbaycana dair də məlumatlar vardır. Sənəddə deyilir ki, ölkədə hər dörd narkomandan biri QİÇS-ə yoluxub. Bakının küçələrində bədən alveri ilə məşğul olanların 11 faizi, kafe və saunalarda işləyənlərin isə 6 faizi QİÇS daşıyıcılarıdır. Respublikada 15-24 yaşlı qadınlar arasında keçirilmiş sorğu göstərir ki, onların yalnız 10 faizi QİÇS-dən qorunmanın üç üsulu haqqında məlumatlıdır.

Hesabatda xüsusi vurğulanır ki, Azərbaycanda QİÇS problemi hələ ilkin mərhələdədir. Bu gün ölkə təlimlər və maarifləndirmə vasitəsilə bu dəhşətli xəstəlik barədə düzgün anlayış yaratmaq və onun yayılmasının qarşısını almaq imkanına malikdir. Maarifləndirmə işlərində ABŞ-ın Beynəlxalq Agentliyi yaxından iştirak edir. Bundan əlavə, QİÇS, vərəm və malyariya kimi xəstəliklərlə mübarizə üzrə Qlobal Fondun həmin məqsədlərdən ötrü Azərbaycan Səhiyyə Nazirliyinə qarşıdakı 5 il üçün 11 milyon ABŞ dolları məbləğində qrant ayıracağı gözlənilir.

Səfir Rino Harniş dünya xalqlarını səyləri kəskin şəkildə artan QİÇS-in qarşısını almaq istiqamətində səfərbər etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.