SİYASƏT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanma qaydaları haqqında yeni Əsasnamə hazırlanmışdır. Bu Əsasnamə 2002-ci il sentyabrın 1-dən qüvvəyə minəcəkdir.
Əsasnamədə qiymətli kağızlarla əqdlərin bağlanması zamanı broker və dilerlərin fəaliyyətinə dair, qiymətli kağızlar bazarında xidməti məlumatın istifadəsinə, qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına və qiymətli kağızlarla əqdlərin qeydiyyatına dair qaydalar müəyyən edilir.
Əsasnamədə öz əksini tapmış tələblərin əsas məqsədi bağlanılan əqdlərin qeydiyyatının daha peşəkar və açıq formada yerinə yetirilməsini, mütəşəkkil qiymətli kağızlar bazarının inkişafını və bazarda baş verə bilən xoşagəlməz hərəkətlərin qarşısının alınmasını təmin etməkdir.
Bu əsasnamə yerli bazardakı brokerlərin fəaliyyət imkanlarını xeyli genişləndirir. Əsasnaməyə uyğun olaraq, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər onların müştərilərinin qiymətli kağızlarla əqdlərin bağlanması üzrə tapşırıqlarını yerinə yetirən zaman müvafiq depozitarlarda, ticarət təşkilatçılarında və reyestrsaxlayıcılarında müştərilərinin vəkil edilmiş şəxsi kimi çıxış etmək və müştərilərinin ĞdepoÖ hesablarının vəziyyəti haqqında məlumatı almaq hüququna malik olacaqlar. Bu sənədin bir çox maddələrinə əsasən broker xidmətlərinin daha effektiv formada göstərilməsi və depozitar, reyestsaxlayıcı və ticarət təşkilatçılarının fəaliyyətlərinin daha dəqiq və məqsədli qurulması üçün şərait yaradılacaqdır.
Həmçinin diler fəaliyyətinə dair yeniliklər var. Diler yalnız onun tərəfindən əvvəlcədən kütləvi şəkildə elan edilmiş qiymətli kağızların alqı-satqısını aparmaq hüququna malikdir. Bu cür kütləvi elanlara digər məlumatlar arasında qiymətli kağızların alqı (satqı) qiymətləri də daxil olmalıdır. Belə tələbin tətbiq edilməsi ilə qiymətli kağızlar bazarının şəffaflığı təmin olunur, bu isə investorların bazarda iştirak etmək üçün marağını və bazara qarşı inamını artırır.
Qeyd etmək lazımdır ki, qiymətli kağızlarla alqı-satqı əqdləri broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə kontragent diler olmadıqda əqdlərin bağlanması notarial qaydada təsdiq edilən müqavilənin imzalanması ilə həyata keçirilə bilər. Bu halda, depozitar (reyestrsaxlayıcı) tərəfindən uçotu aparılmayan qiymətli kağızlarla əqd bağlandıqda, qiymətli kağızların sahibi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən həmin qiymətli kağızların girovda olmaması haqqında arayışı əldə etməlidir. Bu tələb qiymətli kağızlarla əqdlərin bağlanmasından əvvəl əqdin bütün parametrlərinin dürüstlüyünü təmin etmək zəruriyyətindən irəli gəlir və əqdlərin sonradan ləğv olunması ilə bağlı mürəkkəb proseduralarından istifadə etməmək imkanını verir.
Əsasnamədə xidməti məlumatın istifadəsi və qiymətlərlə manipulyasiyaların qarşısının alınması üzrə də qayda və tələblər müəyyənləşdirilmişdir. Yuxarıda sadalanan yeni qaydalar Azərbaycanda yeni yaranmış və inkişafda olan qiymətli kağızlar bazarının mütəşəkkil qurulması zərurətindən irəli gəlir.