REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada Giləzi broyler fabrikinin işçisi Sabir İbrahimov, Hövsan broyler fabrikindən Zakir Savalanov toyuq ətinin kiloqramını 3 manat 60-3 manat 90 qəpiyə təklif edirdilər. Giləzi quşçuluq şirkətindən Sabir Qarayev, Hacıqabul quşçuluq fabrikindən İlqar Nağdalıyev yumurtanın birini 9-10 qəpiyə satırdılar.
Alıcılar quş əti və yumurtanın keyfiyyətli, qiymətlərinin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bu gün şəhərin yarmarkalarında satışa 10 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.